“Azərbaycan Hava Yolları” QSC, “Silk Way Holding” şirkəti, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu əməkdaşlıq haqqında saziş imzalayıb.
Sazişi cümə günü “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, “Silk Way Holding” şirkətinin birinci vitse-prezidenti Teymur Məmmədov və Azərbaycan Turizm Bürosunun icraçı direktoru Florian Senqstşmid imzalayıb.
“Saziş həm ölkənin əsas hava qapısı olan Heydər Əliyev Beynəlxalq Aeroportu, həm də regional hava limanlarının sərnişin axınının artmasına yönəlmiş birgə tədbirlərin keçirilməsini nəzərdə tutur. Aşağıbüdcəli (loukost) aviadaşımalara, eləcə də sərfəli qiymətli üçulduzlu otellərin açılmasına böyük diqqət yönəldiləcək”, - AZAL-ın məlumatında deyilir.
2019-cu ildən başlayaraq Azərbaycanın milli aviadaşıyıcısının donanmasına ən yeni “Boeing 737 MAX” təyyarələri əlavə olunacaq ki, bu da marşrut şəbəkəsinin coğrafiyasını daha da genişləndirməyə imkanı verəcək.
“Öz növbəsində, Heydər Əliyev Beynəlxalq Aeroportunun rəhbərliyi xarici aviadaşıyıcıların cəlb edilməsi üzərində fəal şəkildə çalışır”, - məlumatda qeyd olunur. **
N.Abbasova