Bakıda OPEC+ çərçivəsində görüşün 2019-cu ilin I yarısında keçirilməsi planlaşdırılır. Bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib.
“Artıq bununla bağlı ilkin qərar qəbul edilib. Cari ilin dekabrında Monitorinq Komitəsinin növbəti iclasında bu barədə formal qərar qəbul olunacaq və tarix müəyyənləşəcək. İclasın gələn ilin birinci yarısında keçirilməsi nəzərdə tutulur", - deyə nazir qeyd edib.
O vurğulayıb ki, Azərbaycanın OPEC+ çərçivəsində uğurlu əməkdaşlığının nəticələri göz önündədir.
“OPEC+ çərçivəsində əməkdaşlıq neft bazarına, qiymətlərin sabitləşməsinə müsbət təsir göstərir, neft sənayesinə yeni lazımi investisiyaların qoyulması üçün yeni vəziyyət yaradır. Bu da bütövlükdə bu sahənin inkişafına dinamiklik verir", - deyə P.Şahbazov bildirib.
Daha əvvəl məlumatlı mənbələrə istinadən verilən məlumata görə, gələn ilin yanvar ayında Bakıda “OPEC+ Nazirlərinin Monitorinq Komitəsinin iclası keçiriləcək.
Xəbər verildiyi kimi, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb.
Cari ilin iyunun 23-də Vyanada OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 4-cü iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barel artırılması ilə bağlı razılıq əldə olunub.*
N.Abbasova