"Azərbaycan tərəfi İtaliyada Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi ilə bağlı işlərdən razıdır. Bunu energetika naziri Pərviz Şahbazov deyib.
“Biz İtaliyada TAP-ın tikintisi ilə bağlı işlərdən razıyıq. Sözsüz ki, müəyyən texniki məsələlər var, kiçik, nəzərə çarpmayan gecikmələr olub. Bu, texniki məsələlərdən asılı olan proseslərdir. Bura İtaliyada gedən siyasi proseslər də aiddir”, - deyə nazir bu gün jurnalistlərə bildirib.
Nazir, həmçinin qeyd edib ki, bir sıra italiyalı siyasətçilərin TAP layihəsi ilə bağlı mənfi mövqedə olması məlumdur. Amma bütövlükdə bu layihə İtaliyanın özü üçün çox önəmli layihədir.
“TAP həm İtaliyanın qaz təminatının şaxələndirilməsinə, həm də daxili bazarda qazın qiymətinin tənzimlənməsinə xidmət edəcək. TAP layihəsi İtaliyanın dekarbonizasiya siyasətinə də müsbət təsir göstərəcək. O cümlədən layihə İtaliya şirkətlərini fəaliyyətə cəlb edir və bununla da həmin ölkədə yeni iş yerləri açılır. Biz düşünmürük ki, hər hansı bir ölkə belə bir layihəyə qarşı çıxış edə bilər”, - deyə P.Şahbazov vurğulayıb.
Azərbaycanın Energetika Nazirliyinin məlumatına görə, hazırda TAP layihəsi üzrə işlər 79% yerinə yetirilib.
TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçəcək.
TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur.
TAP-ın səhmdarları ARDNŞ (20%), BP (20%), “Snam” (20%), “Fluxys” (16%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir.
Layihənin dəyəri 4,5 mlrd. avro təşkil edir.
Prezident İlham Əliyev 2018-ci il mayın 29-da Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizini işə salıb. Layihənin dəyəri $40 mlrd.-dan çoxdur.
Layihənin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya 2020-ci ildə nəql olunacağı gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq.*
N.Abbasova