Azərbaycan gömrükçüləri ölkə ərazisinə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin realizə edilməsi cəhdinin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) saytında məlumat verilir.
“Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında, İmişli rayonunun Bəhramtəpə kəndi ərazisində əməliyyat tədbirləri keçirilib”, - deyə məlumatda bildirilir.
Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanıb.
Əməliyyat-istintaq tədbirləri nəticəsində cinayətkar qrupun iki üzvü - Azərbaycan Respublikasının vətəndaşı Eyvazov Mahir Hüseyn oğlu və İran İslam Respublikasının vətəndaşı Əxtəri Qara Qasımlı Hatef Cəmşid oğlu ifşa edilərək cinayət məsuliyyətinə cəlb olunublar. Cinayət Məcəlləsinin həmin maddələri ilə onlara ittiham elan edilib və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onlar 7,375 kq həşişi satarkən saxlanılıblar.
“İstintaqla müəyyən edilib ki, cinayətkar qrup həmin narkotik vasitənin İrandan Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsi və satışını təşkil etmək barədə bu ilin sentyabr-oktyabr aylarında sövdələşib, kriminal niyyətlərinin həyata keçirilməsinə də elə həmin vaxtdan başlayıblar”, - deyə məlumatda bildirilir.
Hazırda cinayət əməllərinin törədilməsində iştirakları istisna edilməyən digər şəxslərin müəyyən edilmələri istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam edir.*
R.Babayev