Azərbaycan 2016-cı ildə makroiqtisadi sabitliyin dəstəklənməsi məqsədilə Asiya İnkişaf Bankının (AİB) qısa müddətdə ayırdığı $500 mln. məbləğində kontrsiklik krediti bu il vaxtından xeyli əvvəl qaytarıb. Bunu prezident İlham Əliyev deyib.
“2016-cı ildə makroiqtisadi sabitliyin dəstəklənməsi məqsədilə AİB-in qısa müddətdə ayırdığı $500 mln. məbləğində kontrsiklik krediti ölkəmiz artıq bu il vaxtından xeyli əvvəl qaytarıb. Bu, Azərbaycanın Asiya İnkişaf Bankının etibarlı tərəfdaşı olduğunu nümayiş etdirir”, - deyə dövlət başçısı bu gün bankın vitse-prezidenti Vençay Janqın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
İ.Əliyev Azərbaycanın Asiya İnkişaf Bankı ilə 2019-2023-cü illər üçün əməkdaşlıq strategiyasının hazırlanmasının əhəmiyyətini qeyd edərək bankın özəl sektora dəstək verilməsi istiqamətində fəaliyyətinin önəmini vurğulayıb. O, Asiya İnkişaf Bankının istiqrazlarının Azərbaycanda manatla buraxılması təşəbbüsünü müsbət qiymətləndirərək həmin vəsait hesabına Azərbaycanda özəl sektor layihələrinin həyata keçirilməsi üçün kreditlər veriləcəyini deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan irriqasiya sistemlərinin qurulmasında yeni, müasir texnologiyaların tətbiqi məsələləri ilə bağlı AİB-in dəstəyində maraqlıdır.
Prezident İ.Əliyev Cənub Qaz Dəhlizinə Asiya İnkişaf Bankı tərəfindən $1 mlrd.-dan çox, infrastruktur layihələrinə $250 mln., dəmir yolu layihələrinə $400 mln. həcmində kreditlərin ayrılmasını yüksək qiymətləndirib.
V.Janq vurğulayıb ki, AİB 1999-cu ildən etibarən Azərbaycana $4 mlrd.-dan yuxarı kredit ayırıb. O əlavə edib ki, bank Azərbaycanla əlaqələrin daha da genişləndirilməsində maraqlıdır və bununla əlaqədar 2019-2023-cü illər üçün yeni əməkdaşlıq strategiyası işlənib hazırlanıb.*
A.Əzizov