Noyabr ayından etibarən Qazaxıstan Azərbaycan ərazisi ilə Gürcüstanın Poti limanına yeni növ neft məhsullarının tranzitinə başlayacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə "Qazaxıstan Dəmir Yolları”Səhmdar Cəmiyyəti sədrinin logistika üzrə müavini Sancar Yelyubayev məlumat verib.
“Cari ilin noyabr ayından etibarən Azərbaycan ərazisi ilə Gürcüstanın Poti limanına yeni növ neft məhsullarının tranzitinə başlayacağıq. Neft məhsulları Kurık limanından Bakıya, Bakıdan isə bilavasitə dəmir yolu ilə Poti limanınadək nəql olunacaq”, - S.Yelyubayev bildirib.
Onun sözlərinə görə, beləliklə, 2018-ci ilin noyabr-dekabr ayları ərzində 55-60 min ton neft məhsullarının nəqli planlaşdırılır. Eyni zamanda, o neft məhsullarının növləri, həmçinin yük göndərəni açıqlamayıb.
“Gələcəkdə göndərilən neft məhsullarının həcmi aylıq 40-50 min ton təşkil edəcək”, - S.Yelyubayev vurğulayıb. **
B.Rüstəmbəyov