"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (AXDG, ASCO) QSC 2025-ci ilədək nəqliyyat donanmasına daha 50 gəmi əlavə edəcək. Bunu cəmiyyətin sədri Rauf Vəliyev deyib.
"Hazırda gəmiçiliyin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda (BGZ) 4 yeni gəmi – 2 tanker və 2 bərə inşa olunur. 2025-ci ilədək AXDG daha 50 yeni gəmi almağı və inşa etməyi planlaşdırır", - deyə o, bu gün AXDG-nin 160 illik yubileyinə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.
Hazırda gəmiçiliyin nəqliyyat donanması 51 gəmidən (tankerlər, quru yük gəmiləri, bərələr) ibarətdir.
R.Vəliyev qeyd edib ki, yaxın vaxtlarda gəmiçilik BGZ ilə daha 4 unikal tankerin inşası haqqında müqavilə bağlayacaq.
Sədr, həmçinin deyib ki, AXDG-nin 160 illik yubileyi münasibətilə ilin sonunadək Bakının mərkəzində, Dövlət Bayrağı Meydanının yaxınlığında Gəmi Muzeyinin və dənizçi abidəsinin açılışı olacaq.
O bildirib ki, yubiley tədbirləri çərçivəsində cari ilin əvvəlindən 160 gəmiçiyə mənzil verilib. Bundan başqa, gəmiçilik dənizçilər üçün 490 mənzilli kompleksin tikintisini planlaşdırır.
Tədbir çərçivəsində AXDG-nin yeni saytının, loqotipinin və "ASCO" brendinin təqdimatı keçirilib. Gəmiçilik bundan sonra sözügedən brend altında fəaliyyət göstərəcək.*
N.Abbasova