Azərbaycanda aqroparkların yaradılmasına dövlət investisiyaları və güzəştli kreditlərin həcmi 330 mln. manat təşkil edib. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
“Ölkənin bölgələrində aqroparkların yaradılmasında kommunal və meliorasiya infrastrukturun yaradılmasına dövlət investisiyaları 219 mln. manat təşkil edib. Bundan əlavə, 17 aqroparkın yaradılmasına 111 mln. manat məbləğində güzəştli kreditlər ayrılıb”, - nazir qeyd edib.
Həmçinin, 15 aqroparkın fəaliyyətinin təminatı məqsədilə sahibkarlara 25 layihə üçün 564 mln. manat məbləğində investisiya təşviqi sənədi verilib. Həmin layihələrə investisiyalar 564 mln. manat həcmində qiymətləndirilıir. “Hazırda ümumilikdə 30 rayonda 45 aqroparkın yaradılması üzrə iş həyata keçirilir. Həmin aqroparkların ümumi sahəsi 192 min hektar təşkil edir. Onların yaradılmasına ümumi investisiyalar 1,4 mlrd. manat həcmində qiymətləndirilir”, - Ş.Mustafayev bildirib.
Nazir əlavə edib ki, Azərbaycanda artıq 5 aqropark istifadəyə verilib - Xaçmaz, Şəmkir, Cəlilabad, Göranboy və İsmayıllı rayonlarında.
“Cari ilin sonunadək 69 hektar sahədə daha 13 aqropark istifadəyə veriləcək. Bütün aqroparklar tam gücü ilə fəaliyyətə başlayandan sonra burada illik 600 mln. manat məbləğində məhsul istehsal olunacaq, həmçinin burada 10 minədək yeni iş yeri yaradılacaq”, - nazir vurğulıayıb. **
N.Abbasova