İmişli rayonunda Araz çayının yeni qol-kanalının tikintisinə birinci mərhələdə sərmayələrin həcmi 80 mln. manat təşkil edib. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev məlumat verib.
Xəbər verildiyi kimi, bazar ertəsi dövlət başçısı İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimində iştirak edib.
“Layihənin icrası təkcə İmişli rayonu üçün deyil, eyni zamanda, qonşu rayonlar üçün də böyük əhəmiyyət daşıyır. Araz çayının yeni qolunun tikintisi böyük maliyyə vəsaiti tələb edən layihədir. Bu layihəyə birinci mərhələdə 80 mln. manat sərmayə qoyulub və Araz çayının yeni qolunun uzunluğu 54 kilometrdir”, - dövlət başçısının saytında İ.Əliyevin sözlərindən sitat gətirilir.
Prezident qeyd edib ki, yeni beton su kanalı 53 min hektar torpağı su ilə təmin edəcək.
„Biləsuvar, İmişli, Saatlı rayonlarının fermerləri, zəhmətkeşləri bu kanaklın imkanlarından istifadə edəcəklər. Növbəti mərhələdə əlavə 10 min hektar torpağa suyun verilməsi nəzərdə tutulur və Sabirabad rayonunun torpaqları da suvarma suyu ilə təmin ediləcək”, - dövlət başçısı qeyd edib. **
N.Abbasova