İrana məxsus “Nazmehr” quru yük gəmisinin heyət üzvləri Aktaudan Bakıya gətirilən buğdanın boşaldılması ilə məşğuldur. Bu barədə İranın Bakıdakı səfirliyinin press-attaşesi Seyid Əli Musəvi “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verib.
Ötən cümə günü Azərbaycan sərhədçiləri zəhərlənən və ağır vəziyyətdə olan 11 iranlı dənizçini xilas ediblər. Lakin, onlardan 3 nəfər xəstəxanaya yolda aparılarkən yolda vəfat edib. 8 nəfərə xəstəxanada təcili tibbi yardım göstərilib və bundan sonra onlar gəmiyə buraxılıb.
“Hazırda heyət üzvləri gəmidədirlər və Aktaudan Bakıya gətirilən buğdanın boşaldılması ilə məşğuldurlar”, - S.Ə.Musəvi bildirib.
Onun sözlərinə görə, dünyasını dəyişən dənizçilərin cəsədləri artıq İrana göndərilib. “Hazırda ölüm səbəblərinə dair Azərbaycanda həyata keçirilən ekspertizanın rəyini gözləyirik”, - o vurğulayıb. **
F.İsazadə