Fransanın Bakıdakı səfiri Aureliya Buşez çərşənbə axşamı Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.Fransanın Sent Etyen şəhərinin merinin Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlısəfirə nota təqdim olunub. Bu barədə nazirlikdən məlumat verilib.
“Səfirə Fransa nümayəndələrinin Azərbaycanın maraqlarına, onun suverenliyinə və ərazi bütövlüyünə toxunan bir sıra addımları, o cümlədən bu yaxınlarda Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə Fransanın Sent Etyen şəhərinin meri və Arnuvil bələdiyyəsinin rəhbəri tərəfindən edilmiş qanunsuz səfərlərlə bağlı rəsmi etiraz bildirilib”, - məlumatda qeyd olunur.
Nazirlik Fransa hökumətini bu ölkənin fiziki və hüquqi şəxslərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısının alınması üçün effektiv tədbirlər görməyə çağırıb.
Xəbər verildiyi kimi, Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Sent Etyen şəhərinin meri Qael Perdrionun adını işğal olunmuş Şuşa şəhərinə qanunsuz səfərə görə "qara siyahı"ya salacaq. "Q.Perdrionun Azərbaycanın işğal edilmiş Şuşa şəhərinə qanunsuz səfərini qətiyyətlə pisləyirik. Azərbaycan qanunvericiliyini pozaraq ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər etdiyi üçün onun adı ölkəyə girişi arzu olunmayan şəxslər siyahısına daxil ediləcək”, - XİN-in bəyanatında deyilir. **