Qeyri-rəsmi məlumatlara görə, hazırda Rusiyada 3 mln. nəfərə yaxın azərbaycanlı yaşayır. Bu barədə Diasporla iş üzrə Dövlət Komitəsindən məlumat verilib.
“Hazırda Rusiyada rəsmi rəqəmlərə görə, 700 minə yaxın, qeyri-rəsmi məlumatlara görə isə 3 milyonadək azərbaycanlı yaşayır”, – deyə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Tatarıstan Xalqlar Dostluğu Evinin direktoru, Tatarıstan Respublikası Dövlət Şurasının deputatı İrek Şaripovla görüşündə qeyd olunub.
Görüşdə Tatarıstandakı Azərbaycan diaspor təşkilatlarının, eləcə də Azərbaycandakı tatar icmasının fəaliyyəti və bir sıra qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Bildirilib ki, Rusiya Federasiyasında yaşayan soydaşlarımızla, diaspor təşkilatları ilə iş qurumun xüsusi diqqətindədir.
Bundan əlavə, Rusiyada yaşayan yüzlərlə azərbaycanlı alim, ziyalı, iş adamı öz fəaliyyəti ilə yaşadıqları ölkənin elminə, iqtisadiyyatına töhfə verməkdədir.
İ.Şaripov isə öz növbəsində Tatarıstandakı Azərbaycan diasporu nümayəndələrinin respublikanın ictimai-siyası fəaliyyətində fəal iştirak etdiyini diqqətə çatdırıb.*
R.Babayev