Enerji Məsələlərini Tənzimləmə Agentliyi kommunal xidmətlər sahəsində qanunvericiliyin təkmilləşdirilməsi prosesinə başlayıb. Bu barədə agentliyin sədri Samir Axundov məlumat verib.
“Agentliyin fəaliyyəti kommunal xidmət səviyyəsinin dünya standartlarına uyğunlaşdırılmasına yönəldilib və bununla əlaqədar biz mövcud qanunvericiliyə dəyişikliklərin edilməsi üzərində işləyirik. Xüsusilə “Elektroenergetika haqqında” yeni qanun hazırlanıb və hazırda təhlil və təsdiqlənmə prosedurundan keçir”, - deyə o, bu gün jurnalistlərə bildirib.
Sədrin sözlərinə görə, “Enerji effektivliyi haqqında” qanun da hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırılma mərhələsindədir. Həmçinin qaz təchizatı sahəsini tənzimləyən normativ-hüquqi aktların işlənilməsi də planlaşdırılır.
«Hazırda biz enerji məsələlərinin tənzimlənməsi sahəsində beynəlxalq təcrübəni öyrənirik. Bununla əlaqədar Rumıniya Enerji Məsələlərini Tənzimləmə Təşkilatının təcrübəsi bizə maraqlıdır. 20 ildir mövcud olan təşkilat “Üçüncü Enerji Paketi” çərçivəsində fəaliyyət göstərir. Bizim də hədəfimiz budur”, - deyə S.Axundov qeyd edib.
O deyib ki, agentliyin fəaliyyəti enerji sektorunda restruktizasiyanın aparılması, bazar münasibətlərinin tənzimlənməsi, iştirakçılar üçün fasiləsiz və keyfiyyətli enerji təchizatının təmin edilməsinə yönəlib.*
N.Abbasova