“SOCAR Energy Georgia” şirkəti və Gürcüstan hökuməti ölkənin yüksək dağlıq rayonlarında həyat səviyyəsinin yaxşılaşdırılması və turizmin inkişafı məsələlərində əməkdaşlıqla bağlı razılığa gəlib. Bu barədə SOCAR-ın məlumatında deyilir.
““SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulia oktyabrın 23-dəəməkdaşlıq haqqında memorandum imzalayıb. Memorandum sosial-iqtisadi inkişafın təşviqi, yüksək dağlıq rayonların həyat səviyyəsinin yaxşılaşdırılması, turizm və istirahət sahələrinin inkişafına dəstək, istilik təchizatının alternativ yollarla təmin edilməsi istiqamətlərində əməkdaşlıq imkanlarının araşdırılmasını araşdırılmasını nəzərdə tutur”, – deyə məlumatda bildirilir.
Daha əvvəl SOCAR ölkənin kurort ərazisi olan Sairmedə ekoloji cəhətdən səmərəli Virtual Boru Kəməri layihəsini həyata keçirib. Virtual qaz kəməri texnologiyası təbii qazın sıxılmış təbii qaz (STQ) şəklində ucqar məntəqələrdə yaşayan istehlakçılara nəql olunması metodudur.
“Dünya praktikasında təbii qaz nisbətən qısa məsafələrdə STQ şəklində nəql olunur. Sairme mövcud qaz qəbulu məntəqəsinin 52 kilometrliyində yerləşir. Buna görə də pilot layihədə qazın STQ şəklində nəqlindən istifadə olunması qərara alınıb. Memorandum imzalandıqdan sonra bu istiqamətdə əməkdaşlığın davamlı olması məqsədi ilə işçı qrupunun yaradılması nəzərdə tutulur”, – deyə məlumatda qeyd olunur.
«SOCAR Energy Georgia» MMC 2006-cı ildə yaradılıb. Hazırda şirkət Gürcüstana neft və neft məhsullarının, eləcə də təbii qazın əsas tədarükçüsüdür.
SOCAR Gürcüstanda biznes fəaliyyətinə 2006-cı ildə başlayıb. Ölkədə “SOCAR” brendi altında 115 yanacaqdoldurma məntəqəsi mövcuddur.*
N.Abbasova