2019-cu ildə İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri 83,421 mln. manat təşkil edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Büdcə layihəsinə əsasən, fondun gəlirləri aşağıdakı mənbələr hesabına formalaşacaq: büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar - 13,06 mln. manat, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrədaxilolmalar - 13,06 mln. manat, qeyri-büdcə sektoru üzrə daxilolmalar - 57,3 mln. manat.
2019-cu ildə fondun xərcləri aşağıdakı istiqamətlərə yönəldiləcək: işsizliyə görə sığorta ödənişlərinə - 11 mln. manat, peşə hazırlığı və əlavə təhsilin təşkilinə - 1,8 mln. manat, əmək birjaları və əmək yarmarkalarının təşkilinə - 150 min manat, haqqı ödənilən ictimai işlərin təşkilinə - 1,9 mln. manat.
Bundan əlavə, gələn il özünüməşğulluq tədbirlərinin təşkilinə 42,041 mln. manat, sığortaolunanların əmək haqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsinə 5 mln. manat, məşğulluq orqanlarının saxlanılması xərclərinə 19,26 mln. manat yönəldiləcək.
"İşsizlikdən sığorta haqqında" qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minib.
İşsizlikdən sığorta çərçivəsində sığorta ödənişinin 3 növü - əsas sığorta ödənişi, sığorta ödənişinə əlavə və minimum sığorta ödənişi nəzərdə tutulur.
Sığorta ödənişi sığorta stajından asılı olaraq vətəndaşın itirilmiş orta aylıq əməkhaqqının məbləğinə aşağıdakı faiz dərəcələri tətbiq olunmaqla hesablanır: sığorta stajı 3 ildən 5 ilə qədər olduqda – 50 faiz; sığorta stajı 5 ildən 10 ilə qədər olduqda – 55 faiz; sığorta stajı 10 ildən yuxarı olduqda – 60 faiz.
Sığorta haqqı sığorta tarifləri əsasında sığortaedən tərəfindən hesablanır: işçinin özünün əmək haqqından tutulan 0,5% və müəssisə üzrə əməyin ödənişi fondundan 0,5%.*
B.Rüstəmbəyov