Asiya İnkişaf Bankı (AİB) 2019-cu ilin I yarısında Azərbaycan üzrə yeni beşillik strategiyanı təsdiq etməyi planlaşdırır.
«Biz ölkə üzrə 2019-2023-cü illəri əhatə edən beşillik strategiyanı gələn ilin I yarısında qəbul etməyi planlaşdırırıq», - deyə bankın vitse-prezidenti Vençay Janq bu gün Bakıda keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hazırda AİB Azərbaycan iqtisadiyyatının dəstək və inkişafa ehtiyacı olan sahələrinin müəyyən edilməsi məqsədilə araşdırma aparır.
V.Janq vurğulayıb ki, AİB Azərbaycan hökuməti ilə ikinci tranşın ayrılması (respublikanın paylayıcı şəbəkələrinin modernləşdirilməsi üçün $750 mln. məbləğində çoxtranşlı maliyyələşdirmə proqramı çərçivəsində) ilə bağlı müzakirələr aparır. Bu, enerji sahəsinin inkişafı üçün çox mühüm layihədir. Bu layihə Azərbaycanın enerji sisteminin dayanıqlılığını artırmağa imkan verəcək», - deyə o əlavə edib.
Xəbər verildiyi kimi, 2015-ci ilin may ayında Azərbaycan hökuməti və AİB ölkənin elektrik paylayıcı sisteminin yaxşılaşdırılması ilə bağlı $1 mlrd. məbləğində investisiya proqramının həyata keçirilməsi üçün Anlaşma Memorandumu imzalayıb. Memoranduma əsasən, AİB $750 mln. məbləğində çoxtranşlı kredit, Azərbaycan hökuməti isə $250 mln. məbləğində vəsait ayıracaq. Bank tərəfindən kredit hər biri $250 mln. olmaqla 3 tranşla ayrılacaq.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Əməkdaşlıq dövründə bank respublikaya $4 mlrd.-dan çox kredit ayırıb.*
B.Rüstəmbəyov