Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində Vaşinqtonun verdiyi dəstəyə görə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltona minnətdarlığını bildirib.
“ABŞ-ın bir çox şirkətləri uzun illərdir investor və podratçı qismində Azərbaycanda enerji və qeyri-enerji sektorlarında uğurlu fəaliyyət göstərirlər. Energetika sahəsində Azərbaycan ilə ABŞ arasında yüksək səviyyədə əməkdaşlıq həyata keçirilir ki, bunun da nəticəsində nəhəng qlobal layihələr reallaşır”, - deyə dövlət başçısı bu gün Bakıda C.Boltonla görüşdə bildirib.
İ.Əliyev qeyd edib ki, bu layihələr sırasında “Cənub Qaz Dəhlizi” layihəsi böyük önəm daşıyır. 40 milyard dollar həcmində və Avropanın ən böyük infrastruktur layihəsi olan bu layihə başa çatmaq üzrədir və bu, Avropanın enerji təhlükəsizliyinin təmin olunması işinə və regional sabitliyə öz töhfəsini verəcək.
O, C.Boltonun ölkəmizə səfərinə Azərbaycan tərəfinin böyük önəm verdiyini qeyd edərək bu səfərin ölkələrimiz arasında tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsi işinə xidmət edəcəyinə əmin olduğunu bildirib.
Prezident İlham Əliyev 2018-ci il mayın 29-da Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizini işə salıb.
Layihənin dəyəri $40 mlrd.-dan çoxdur.
Layihənin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya 2020-ci ildə nəql olunacağı gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq.*
R.Babayev