2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri 286,1 mln. manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Gəlirlərin 68,1%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 23,4%-i içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 3%-i müalicə və sağlamlıq xidmətlərindən, 5,5%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib”, - deyə məlumatda bildirilir.
Hesabat dövründə ölkə üzrə mehmanxanalarda 2 mln. 446,8 min gecələmə keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,4 çoxdur. Gecələmələrin 57,8%-i Bakıda, 10,6%-i Qəbələdə, 6,6%-i Xaçmazda, 3,8%-i Qusarda, 3,9%-i Naftalanda, 3,9%-i Qubada, 2,7%-i Naxçıvan Muxtar Respublikasında, 1,1%-i Qaxda mehmanxanalarda qeydə alınıb.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı 1 mln. 651,7 min təşkil edib ki (artım 31,3%), bu da ümumi gecələmələrin 67,5%-ni təşkil edir. Gecələmələrin 13,3%-i Birləşmiş Ərəb Əmirlikləri, 11,4%-i Rusiya Federasiyası, 5,2%-i İran, 4%-i Türkiyə, 9,9%-i Səudiyyə Ərəbistanı, 2,7%-i Böyük Britaniya, 2,6%-i ABŞ, 3,6%-i Hindistan 2,5%-i Qətər, 2,7%-i İraq, 2,2%-i Pakistan, 3,8%-i İsrail, 3,3%-i Küveyt, 1,5%-i Qazaxıstan, 1,2%-i Almaniya, 1%-i Ukrayna, qalanı digər ölkələrin vətəndaşlarının payına düşüb.
2018-ci ilin yanvar-sentyabr aylarında mehmanxanaların nömrə fondundan istifadə səviyyəsinin orta göstəricisi ölkə üzrə 21,9% təşkil edib. Bu göstərici Bakıda 30,5%, Naftalanda 62%, Ağstafada 36,7%, Şirvanda 22,4%, Qəbələdə 35,3%, Zərdabda 24,7%, Şəmkirdə 23,1%, Qubada 24,3% səviyyəsində olub.**
A.Əzizov