Hələlik ABŞ tərəfindən Azərbaycan hökumətinə yardımın göstərilməsinin məhdudlaşdırılmasını nəzərdə tutan "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin dayandırılmasına dair son qərar qəbul olunmayıb. Bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton deyib.
“Hazırda qərar hələlik qəbul olunmayıb. Bunun tərəflərə silah satışına necə təsir edəcəyini proqnozlaşdıra bilmirəm. Lakin, vəziyyət belədir”, - C.Bolton İrəvanda mətbuat konfransında bildirib.
“Ermənistan əsasən silahlarını Rusiyadan alır, Azərbaycan da silahlarının 80%-ni Rusiyadan alır. Bu vəziyyət, şübhəsiz, münaqişənin (Qarabağda - İF) həllinə yardım etmir. Çünki qeyd olunan fakt Rusiyaya tərəflərə təzyiq göstərməyə əsas verir, bu da sülhə aparmır”, - C.Bolton vurğulayıb.
“Biz, amerikalılar, yönəldici qüvvə olaraq rəqabətə inanırıq. İstənilən halda, bizim silah və sursatımız Rusiyada olandan daha yaxşıdır. Hesab edirəm ki, bunu qanunlarımız çərçivəsində müzakirə etməliyik”, - o bildirib. **