2018-ci il sentyabrın 30-na olan vəziyyətə görə, yanvar-sentyabr aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 4,6% - 12 mlrd. 302,4 mln. manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Oktyabrın əvvəlinə vaxtı ötmüş kreditlərin həcmi 1 mlrd. 748,7 mln. manat (yanvar-sentyabr ayları ərzində artım 7,5%) və ya bütün kreditlərin 14,2%-ni təşkil edir.
Sentyabrın 30-na dövlət payına malik olan banklar tərəfindən 1 mlrd. 858,8 mln. manat (azalma 3%) və ya bütün kreditlərin 15,1%-i, özəl banklar tərəfindən 10 mlrd. 42,6 mln. manat (artım 6,6%) və ya bütün kreditlərin 81,6%-i həcmində kredit verilib. Qalan məbləğ bank olmayan kredit təşkilatlarının payına düşür.
Oktyabrın əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 7 mlrd. 557,2 mln. manat (artım 8,7%) milli valyuta, 4 mlrd. 745,2 mln. manat (azalma 1,3%) xarici valyuta ilə verilib. Sentyabr ayının sonuna xarici valyutada kreditlərin xüsusi çəkisi 38,5% (2017-ci ilin sonuna 40,8%) təşkil edir.
2018-ci il sentyabrın 30-na bankların kredit qoyuluşlarının strukturunda 2 mlrd. 77,4 mln. manat (bütün kreditlərin 16,9%-i) ticarət və xidmət sahələrinin, 286,4 mln. manat (2,3%) energetika, kimya və təbii sərvətlər sektorunun, 463,8 mln. manat (3,8%) kənd təsərrüfatı və emal sahələrinin, 388 mln. manat (3,2%) tikinti və daşınmaz əmlak sahələrinin, 677,8 mln. manat (5,5%) sənaye və istehsal sektorunun, 1 mlrd. 289,3 mln. manat (10,5%) nəqliyyat və rabitə sahələrinin, 5 mlrd. 51,1 mln. manat (41,1%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb. Bununla belə, yanvar-sentyabr aylarında bankların ev təsərrüfatı sahəsinin kreditləşdirilməsi üzrə portfeli 9,6% artıb.**
N.Abbasova