Azərbaycanda “Realliq.info” və digər informasiya saytları yaradıcısı İkram Rəhimov “reket” fəaliyyətindəittiham olunaraq saxlanılıb. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən məlumat verilib.
Saxlanılan şəxs Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət məsuliyyətinə cəlb edilib.
“Azərbaycan vətəndaşı İkram Rəhimov tabeçiliyində olan şəxslərlə birlikdə “Realliq.info” və digər “reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb edib və alıb, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplayıb”, - Dövlət Təhlükəsizliyi Xidmətindən bildirilir.
Hazırda istintaq araşdırmaları davam edir.**
R.Babayev