Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Respublikasının yaranmasının 95-ci ildönümü münasibətilə həmkarı Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Türkiyə Respublikasının yaranmasının 95-ci ildönümü münasibətilə sizi və sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm”, - məktubda deyilir.
İ.Əliyev vurğulayıb ki, bu gün Türkiyə özünün hərtərəfli və dinamik inkişafı ilə dünyanın ən qabaqcıl ölkələri sırasında qərar tutub.
“Sizin rəhbərliyinizlə həyata keçirilən islahatlar, irimiqyaslı infrastruktur layihələri ölkənin iqtisadi qüdrətinin gündən-günə artmasına xidmət edir. Türkiyə, həmçinin dünyada və regionda cərəyan edən proseslərdə fəal rol oynayaraq qətiyyətli mövqe nümayiş etdirir”, - prezident qeyd edib.
Dövlət başçısı əmindir ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı, ikitərəfli münasibətlərin əsasını təşkil edən müttəfiqlik və strateji tərəfdaşlıq bundan sonra da bütün nailiyyətlərimizi şərtləndirən başlıca amil olacaq.
İ.Əliyev türkiyəli həmkarına möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, qardaş Türkiyə xalqına daim sülh və firavanlıq diləyib. **
R.Babayev