Azərbaycan prezidenti İlham Əliyev bazar günü Qax rayonunda yenidən qurulan Qax Damazlıq İpəkçilik Stansiyasının açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Kənd təsərrüfatı naziri İnam Kərimov burada yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, Qax Damazlıq İpəkçilik Stansiyasının əsası 1973-cü ildə qoyulub. Maliyyə çətinliyi səbəbindən stansiya 1998-ci ildən fəaliyyətini dayandırmışdı.
Prezident İlham Əliyevin 2017-ci ildə imzaladığı “Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama uyğun olaraq, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqla təchiz olunması məqsədilə 4,5 mln. manat vəsait ayrılıb.
Stansiyada hər il 2 min ton yaş barama istehsalını təmin edəcək 4 min qutu hibrid ipəkqurdu toxumunun, eyni zamanda, 4 kiloqram superelit və 50 kiloqram elit sinfinə aid ipəkqurdu toxumlarının istehsalı planlaşdırılır.
Həmçinin, oktyabrın 28-də Azərbaycan prezidenti İlham Əliyev Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına məlumat verdi ki, uzunluğu 44,5 kilometr olan avtomobil yolu burada yaşayan 4 min nəfər əhalisi olan 13 məntəqəni birləşdirir. **
R.Babayev