30 sentyabr 2018-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 29 mlrd. 201,8 mln. manat təşkil edir. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
Xəbər verildiyi kimi, 1 yanvar 2018-ci il tarixinə bankların aktivləri 27 mlrd. 921 mln. manat məbləğində olub. Beləliklə, 2018-ci ilin yanvar-sentyabr aylarında bankların aktivləri 4,6% artıb.
Sentyabrın 30-na bankların kredit portfeli 11 mlrd. 901,4 mln. manat (bu ilin yanvar-sentyabr artım 4,9% - İF) təşkil edir.
Qeyd olunan tarixə Azərbaycanda bankların ümumi kapitallaşması 4 mlrd. 112,8 mln. manat (artım 10,8%) təşkil edir.
2018-ci ilin oktyabr ayının əvvəlinə bankların öhdəlikləri 25 mlrd. 89 mln. manata (artım 3,6%), Mərkəzi Bank qarşısında öhdəlikləri 409,3 mln. manata (azalma 19,4%) bərabərdir.
Yanvar-sentyabr ayları ərzində Azərbaycanda bankların ümumi xalis mənfəəti 171,8 mln. manat təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,8 dəfə azdır.
Bu dövrdə bankların faiz gəlirləri 1 mlrd. 288,3 mln. manat (2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə azalma 10,4%), həmçinin kreditlər üzrə 899,4 mln. manat təşkil edib (azalma 15,1%).
Hesabat dövründə bankların qeyri-faiz gəlirləri 393,3 mln. manat (azalma 49,6%) məbləğində olub.
Yanvar-sentyabr ayları ərzində bankların faiz xərcləri 441,1 mln. manat (azalma 35,9%), o cümlədən depozitlər üzrə 288,6 mln. manat təşkil edib (artım 1,4%).
Bankların qeyri-faiz xərcləri 731,4 mln. manat (artım 3,2%) təşkil edib.
9 ayın yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 509,1 mln. manat (azalma 38%), mənfəət vergisi üzrə ödənişlər 24,8 mln. manat məbləğində olub. Hesabat dövründə banklar ehtiyatların yaradılmasına 313,7 mln. manat (azalma 2,4%) yönəldib. Nəticədə cari ilin yanvar-sentyabr aylarında bank sektorunun xalis mənfəəti 171,8 mln. manat təşkil edib.
30 sentyabr 2018-ci il tarixinə respublikada 30 bank fəaliyyət göstərir. Bu bankların 15-i xarici kapitallıdır.
Sentyabr ayının sonuna bankların 511 filialı və 143 şöbəsi var.
Azərbaycanın bank sektorunda 17,066 min nəfər (9 ay ərzində artım5,5%) çalışır.
Xəbər verildiyi kimi, 2017-ci ildə Azərbaycanda bankların xalis mənfəəti 883,6 mln. manat təşkil edib.**
N.Abbasova