Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi Leyla Abdullayeva hesab edir ki, Zəngilan rayonu üzərindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin Ermənistan ilə birləşdirilməsi üçün nəzərdə tutulan yolun çəkilməsi İrəvanın Azərbaycan ərazilərini ilhaq etmək niyyətini açıq şəkildə nümayiş etdirir.
“Zəngilan rayonu üzərindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin Ermənistan ilə birləşdirilməsi üçün nəzərdə tutulan üçüncü yolun çəkilməsi bu işğalçı dövlətin Azərbaycan ərazilərini ilhaq etmək kimi çirkin niyyətlərini açıq şəkildə nümayiş etdirir”, - Zəngilan rayonunun işğalının 25-ci ildönümü ilə əlaqədar L.Abdullayevanın bəyanatında deyilir.
O vurğulayıb ki, Ermənistan Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq Zəngilan rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllərini davam etdirir. “Xüsusilə, həmin ərazilərdə Suriyadan olan erməni əsilli şəxslər daxil olmaqla, erməni əhalisinin qanunsuz yerləşdirilməsi həyata keçirilir”, - L.Abdullayeva bildirib.
O, həmçinin qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsində Azərbaycan Respublikasının Zəngilan rayonunun işğalı kəskin şəkildə pislənilib və cənub sərhədləri boyunca humanitar fəlakətin yaranması və çoxlu sayda mülki insanın didərgin düşməsinə münasibətində ciddi narahatlıq ifadə olunub.
“Qətnamədə “Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) saylı qətnamələrinin icrası məqsədilə təxirəsalınmaz addımlara dair uyğunlaşdırılmış vaxt cədvəli”nə müvafiq olaraq işğalçı qüvvələrin birtərəfli qaydada Zəngilan rayonundan və Azərbaycanın digər işğal olunmuş ərazilərindən çıxarılması tələb olunub. Qətnamələrdə birmənalı şəkildə işğalçı qoşunların çıxarılması tələb olunsa da, Ermənistan tərəfindən bu tələblərə hələ də əməl edilməyib”, - L.Abdullayeva vurğulayıb.
“Ermənistan dərk etməlidir ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman İrəvanın güddüyü siyasi nəticələri verə bilməz”, - o əlavə edib.
L.Abdullayevanın sözlərinə görə, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və işğal nəticəsində yaranmış status-kvonun dəyişdirilməsi münaqişənin siyasi həlli və hərtərəfli regional əməkdaşlıq üçün imkanlar aça və davamlı sülhün təmin olunmasına töhfə verə bilər.
“Azərbaycan münaqişənin tezliklə həlli istiqamətində beynəlxalq səylərin artırılmasını dəstəkləyərək beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini, həmçinin vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək hüququnu özündə saxlayır”, - L.Abdullayeva bildirib.
Zəngilan rayonu 29 oktyabr 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Ümumi ərazisi 730 kvadrat kilometr olan Zəngilan rayonu Azərbaycana mənsub keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşir.
İşğal nəticəsində 85 yaşayış məntəqəsindən 45 min nəfər rayon sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində məskunlaşır.
Zəngilan rayonunda Ermənistan tərəfindən Azərbaycan xalqına məxsus maddi-mədəni irs talan edilib, saxtalaşdırılıb, vandalizmə məruz qoyulub və xarakterik xüsusiyyətlərinin dəyişdirilməsi həyata keçirilib. **
F.İsazadə