2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda sığortaçıların ümumi sığorta haqları 568 mln. 538,4 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 37,2% çoxdur. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 414 mln. 944,7 min manat (artım 47,3% - İF) və ya bütün bazar üzrə sığorta haqlarının 72,9%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 235 mln. 20,1 min manat (artım 89,7%), qeyri-həyat sığortası üzrə sığorta haqları 179 mln. 924,6 min manat (artım 14%) təşkil edib.
Yanvar-sentyabr aylarında icbari sığorta növləri üzrə sığorta haqları 153 mln. 593,7 min manat (artım 15,7%) təşkil edib.
Bu dövrdə sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 186 mln. 911,6 min manat (azalma 0,9%) yönəldiblər.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 137 mln. 320 min manat (azalma 7,1%) və ya bazar üzrə bütün ödənişlərin 73,4%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 80 mln. 543 min manat (azalma 9,6%), qeyri-həyat sığortası üzrə ödənişlər 56 mln. 777 min manat (azalma 3,3%) məbləğində olub.
Yanvar-sentyabr aylarında icbari sığorta növləri üzrə ödənişlər 49 mln. 591,2 min manat (artım 21,4%) təşkil edib.
2018-ci ilin sentyabr ayının sonuna Azərbaycanda 21 şirkət sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyaya malikdir.*
N.Abbasova