2019-cu ildə Azərbaycanda 335,7 min ton ət istehsal olunacağı proqnozlaşdırılır ki, bu da 2018-ci ilin yekunları üzrə gözlənilən göstəricidən 2,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Bunun 139,6 min tonu mal ətinin (artım 3,4%), 80,6 min tonu qoyun ətinin (artım 1,6%), 114,9 min tonu isə quş ətinin (artım 3,2%) payına düşəcək.
Hökumətin qiymətləndirmələrinə görə, respublikada ət istehsalının artım tendensiyası 2023-cü ilədək qalmaqda davam edəcək. 2020-ci ildə 346,6 min ton, 2021-ci ildə 358,8 min ton, 2022-ci ildə 369,3 min ton ət istehsal olunacağı proqnozlaşdırılır.
2018-ci illə müqayisədə 2022-ci ildə ət istehsalı 13,2%, mal əti istehsalı 16,2% - 157 min tonadək, qoyun əti istehsalı 6,7% - 84,6 min tonadək, quş əti istehsalı 14,4% - 127,3 min tonadək artacaq.
Qeyd edək ki, proqnozlara əsasən, 2018-ci ildə 326,1 min ton ət istehsal olunacaq.*
B.Rüstəmbəyov