Azərbaycan Türkiyə iqtisadiyyatına $15 mlrd.-a yaxın sərmayə yatırıb. Bunu xarici işlər naziri Elmar Məmmədyarov İstanbulda bəyan edib.
“Azərbaycanın Türkiyəyə birbaşa sərmayələri $15 mlrd.-a qədər təşkil edir. Bu ay İzmirdə “STAR” NEZ-in açılışı oldu”, - “Anadolu” agentliyinin məlumatına görə, bunu E.Məmmədyarov Türkiyə və Gürcüstan həmkarları Mövlud Çavuşoğlu və David Zalkaliani ilə İstanbulda keçirilən yeddinci Üçtərəfli Görüşün yekunlarına dair mətbuat konfransında bildirib.
Azərbaycan XİN başçısı əminliklə qeyd edib ki, birgə layihələrin reallaşdırılması Türkiyə, Azərbaycan və Gürcüstanın xeyrinə davam etdiriləcək.
“Ümid edirik ki, TAP qaz kəmərinin tikintisi 2020-ci ilədək başa çatacaq”, - E.Məmmədyarov qeyd edib.
Həmçinin, nazir beynəlxalq səviyyədə Azərbaycanın mövqeyini dəstəklədiyinə görə Türkiyəyə minnətdarlığını bildirib. **
R.Babayev