Qax rayonunda aqroparkın yaradılmasına dövlət vəsaitinin həcmi 13 mln. manat təşkil edib. Bunu Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi “Ulu Aqro” MMC-nin Qax Aqroparkının açılışında deyib.
“Qax aqroparkının yaradılmasına dövlət xətti ilə 13 milyon manat investisiya qoyulub. Bütün infrastruktur dövlət xətti ilə yaradılıb. Dövlət, eyni zamanda, aqroparkın yaradılmasına güzəştli şərtlərlə kredit şəklində 2 milyon manat pul ayırıb və qalan işləri özəl sektor görüb”, - dövlət başçısının saytında İ.Əliyevin sözlərindən sitat gətirilir.
İ.Əliyev qeyd edib ki, Qax aqroparkında 100 daimi və 100 mövsümi iş yeri yaradılır.
Onun sözlərinə görə, bu ilin sonuna qədər 13 aqroparkın fəaliyyətə başlaması nəzərdə tutulur. Onlardan biri də Qax aqroparkıdır.“Ümumilikdə, Azərbaycanda 45 aqroparkın ümumi sahəsi 192 min hektardır və onlardan 28-i bitkiçilik, 17-si isə heyvandarlıq aqroparklarıdır”, - İ.Əliyev vurğulayıb. **
N.Abbasova