Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu (AİKZF) əməkdaşlarının könüllü tibbi sığortası (KTS) üçün sığorta şirkəti seçir.
Seçim açıq tender metodu ilə həyata keçirilir.
Tenderin şərtlərinə əsasən, fondun əməkdaşlarının könüllü tibbi sığortası üzrə xidmətlər 2019-2021-ci illər üçün nəzərdə tutulmalıdır.
Tenderdə iştirak haqqı 300 manatdır.
Tender təklifləri dekabrın 13-dək qəbul olunacaq. Tender proseduru dekabrın 14-də baş tutacaq.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb. Fondun nizamnamə kapitalı 466 mln. manatdır.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.
Şərtlərə görə, İKZF 30 min manatdan 3 mln. manatdək məbləğdə olan kreditlərə zəmanət verə bilər. Kreditin müddəti 7 ildən, kredit üzrə güzəşt dövrü isə 2 ildən çox olmamalıdır.*
A.Əzizov