Azərbaycan Mərkəzi Bankı (AMB) 2018-ci ilin yekunları üzrə orta illik inflyasiyanı 3-4% səviyyəsində proqnozlaşdırır. Bunu AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib.
"Cari ilin 9 ayı ərzində Azərbaycanda orta illik inflyasiya AMB-nin qiymət artımı üzrə hədəf dəhlizindən (6-8% - İF) aşağı olub. Həm xarici, həm də daxili risk amillərinin yumşalması fonunda Mərkəzi Bank bu ilin yekununda ölkədə inflyasiyanın 3-4% təşkil edəcəyini proqnozlaşdırır”, - deyə o qeyd edib.
Xəbər verildiyi kimi, sentyabr ayının sonuna Azərbaycanda inflyasiya 2,6% təşkil edib.
Cari ilin yekunları üzrə Azərbaycan hökuməti orta illik inflyasiyanı 3,1% səviyyəsində gözləyir.
2017-ci ildə ölkədə orta illik inflyasiya 12,9% təşkil edib.*
N.Abbasova