Prezident İlham Əliyev bu gün Türkmənistan Respublikası Nazirlər Kabineti sədrinin müavini Məmmetxan Çakıyevi qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Görüşdə ölkələrimizin əlverişli coğrafi mövqedə yerləşməsinin önəmi qeyd olunub, həm Azərbaycanda, həm də Türkmənistanda ən müasir nəqliyyat infrastrukturunun yaradıldığı vurğulanaraq nəqliyyat, tranzit, logistika sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu bildirilib”, - deyə məlumatda qeyd olunur.
Tərəflər ölkələrimizin ixracat imkanları və tranzit yüklərin daşınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
İ.Əliyev qeyd edib ki, dövlət başçılarının qarşılıqlı səfərləri, eləcə də beynəlxalq tədbirlər çərçivəsində mütəmadi görüşləri ölkələrimiz arasında münasibətlərin inkişafında mühüm rol oynayır. Dövlət başçısı, eyni zamanda, bildirib ki, M.Çakıyevin səfəri ikitərəfli əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verəcək.*
R.Babayev