Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən özünü dövlət təhlükəsizliyi orqanlarının vəzifəli şəxsi kimi təqdim edən şəxs saxlanılıb. Bu barədə DTX-dən məlumat verilir.
“Azərbaycan Respublikasının vətəndaşı Rzamin Həşimov özünü dövlət təhlükəsizliyi orqanlarının vəzifəli şəxsi kimi təqdim edərək digər vətəndaşların maddi vəsaitlərinin ələ keçirilməsində şübhəli şəxs kimi saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib”, - məlumatda qeyd olunur.
Məlumata əsasən, R.Həşimov əvvəllər də özünü vəzifəli şəxs kimi təqdim edərək törətdiyi cinayət əməllərinə görə 2008-2013-cü illərdə məhkəmə hökmləri ilə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunub.
Faktla bağlı aparılan cinayət işi üzrə məhkəmənin 29 oktyabr 2018-ci il tarixli qərarı ilə Rzamin Həşimovun barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq araşdırmaları davam edir. **
F.İsazadə