Azərbaycan 2018-ci ilin yanvar-sentyabr aylarında $1 mlrd. 207 mln. məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 13% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Bu ilin 9 ayı ərzində ixracın strukturunda əsas həcm pomidor ($144,7 mln. – 2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə artım 2,3%), qızıl ($93 mln. – artım 14,3%), polietilen ($67,6 mln. – artım 18,6%), pambıq ($62,1 mln. - artım 2,4 dəfə) və elektrik enerjisinin ($59,6 mln. - artım 64,6%) payına düşüb.
Bu dövrdə Azərbaycan daha çox meyvə və tərəvəz ($316 mln. və ya qeyri-neft ixracının ümumi həcminin 29%-i) ixrac edib
Yanvar-sentyabr aylarında Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Rusiya ($402,2 mln. – artım 9,9%), Türkiyə ($275,6 mln. – artım 23,3%), İsveçrə ($105,2 mln. – artım 7,7%), Gürcüstan ($97,4 mln. – azalma 1,4%), və Qazaxıstan ($34,3 mln. – artım 61%) daxildir. Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 33,3%-i RF-nin payına düşüb.**
B.Rüstəmbəyov