2018-ci ilin yanvar-sentyabr aylarının yekunları üzrə Azərbaycan $6 mln. məbləğində şərab ixrac edib. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidentinin səlahiyyətlərini icra edən Yusif Abdullayev məlumat verib.
“2018-ci ilin 9 ayının yekunları üzrə şərab ixracı $6 mln. təşkil edib. Baxmayaraq ki, 2017-ci il ərzində şərab ixracı $5,6 mln. məbləğində olub”, - Y.Abdullayev çərşənbə günü mətbuat konfransında bildirib.
Beləliklə, cari ilin 9 aylıq şərab ixracı ötən ilin ixrac göstəricisindən $400 min çox olub.
“Eyni zamanda, 2018-ci ilin 9 ayı ərzində ixrac olunan şərab şüşələrinin sayı 2017-ci illə müqayisədə 100 min ədəd artıb”, - Y.Abdullayev əlavə edib.
Xəbər verildiyi kimi, Azərbaycanda şərab və şərabçılıq məhsullarının istehsalı 2017-ci ildə 1 mln. dekalitr təşkil edib ki, onun da 375 min dekalitri ixrac edilib. Beləliklə, 2025-ci ilin sonuna şərabçılıq məhsullarının ixracı 1,875 mln. dekalitr təşkil etməlidir.
2017-ci ildə Azərbaycandan ixrac edilmiş 1 ton şərabın orta qiyməti 1,2 min ABŞ dolları təşkil edib.
2017-ci ildə şərab məhsulları, əsasən Rusiyaya (338 min dekalitr) göndərilib. **
B.Rüstəmbəyov