Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Bolqarıstanın xarici işlər naziri Yekaterina Zaxaryeva Azərbaycan-Bolqarıstan Strateji Dialoqunun ilk iclasında iqtisadi-ticarət münasibətlərini müzakirə ediblər.
“E.Məmmədyarov və Y.Zaxaryeva Azərbaycan-Bolqarıstan Strateji Dialoqunun ilk iclasını keçiriblər. İclasın gündəliyi ikitərəfli iqtisadi-ticarət münasibətləri, energetika, nəqliyyat, tranzit layihələrinin həyata keçirilməsi ilə bağlı məsələləri əhatə edib”, - deyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Bundan başqa, iclasda Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlıq münasibətləri və bu xüsusda münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni Saziş üzrə danışıqların cari vəziyyəti, Azərbaycan və Bolqarıstanın beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığı, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Məlumatda qeyd olunur ki, tərəflər Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlıq səviyyəsində olan ikitərəfli əməkdaşlıq münasibətlərinin beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət prinsipinə, eləcə də qarşılıqlı etimad və anlaşmaya əsaslandığını xüsusilə vurğulayıblar.
Nazirlər iki ölkə arasında mövcud olan əməkdaşlığın cari vəziyyətini yüksək qiymətləndiriblər, eyni zamanda, energetika, nəqliyyat, kənd təsərrüfatı, turizm, İKT və ətraf mühit kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı maraq və geniş imkanların mövcud olduğunu ifadə ediblər.*
F.İsazadə