Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunda yeni istismara verilmiş Peyk Rabitəsi İdarəetmə Mərkəzinin fəaliyyəti ilə tanış olub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Bu peyk rabitə sistemi hücum və müdafiə əməliyyatlarında qoşunların mobil hərəkəti və çevik yerdəyişməsi zamanı komanda məntəqələri arasında səsli və mətn (DATA) məlumat mübadiləsinin təmin edilməsi üçün təyin edilib”, - deyə məlumatda bildirilir.
Təhlükəsizlik tədbirləri nəzərə alınmaqla peyk rabitə sistemi əsasən avtonom işləyən mərkəzi yerüstü stansiya, mobil və daşınan peyk rabitəsi vasitələri olaraq “Azərkosmos” ASC-nin peyki üzərindən fəaliyyət göstərir.
Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan Ordusunun rabitə vasitələrinin texniki xidmət və təmiri Mərkəzinin yeni istifadəyə verilmiş bölmələrinin açılışında da iştirak edib.
Məlumata görə, qoşunlarda istifadə edilən bütün növ stasionar və səyyar müasir hərbi kommunikasiya avadanlıqlarına mərkəzdə texniki xidmət göstərilir və onlar qısa müddətdə tam təmir olunaraq yenidən sıraya qaytarılır.*
F.İsazadə