13 noyabr 2018-ci il tarixində Milli Məclis "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi üzrə müzakirələrə başlayacaq. Bu barədə parlamentin spikeri Oqtay Əsədov bəyan edib.
“Gələn həftə parlament komitələrinin birgə iclaslarında "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsinə baxılacaq. Sonra sənəd noyabrın 13-də keçirilməsi nəzərdə tutulan Milli Məclisin plenar iclasına tövsiyyə ediləcək”, - O.Əsədov qeyd edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verib.
Azərbaycanın 2019-cu il üçün dövlət büdcəsində neftin bir barelinin qiyməti $60 səviyyəsində götürülüb (2018-ci il üçün - bir barelinin qiyməti $55 götürülüb).
2019-cu ildə dövlət büdcəsinin gəlirləri 22 mlrd. 917,5 mln. manat (2018-ci illə müqaayisədə artım 3,5%), xərcləri - 24 mlrd. 780,1 mln. manat (artım 7,3%) səviyyəsində proqnozlaşdrılır.
Gələn il Azərbaycan hökuməti dövlət büdcəsinin kəsirini 1 mlrd. 862,6 mln. manat və ya ÜDM-in 2,3% səviyyəsində proqnozlaşdırır.
Gəlirlərin strukturunda 59,8%-i və ya 13 mlrd. 700,3 mln. manatı neft sektoru, 40,2%-i və ya 9 mlrd. 217,2 mln. manatı - qeyri-neft sektorundan daxilolmalar hesabına təmin etmək planlaşdırılır. 2018-ci illə müqayisədə neft sektorundan daxilolmaların artımı 2,7%, qeyri-neft sektorundan - 4,7% səviyyəsində planlaşdırılıb.
Gələn ilə xərclər strukturunda 3 mlrd. 37,6 mln. manat və ya bütün xərclərin 12,2%-ni müdafiə, həmçinin 1,5 mlrd. manata yaxın vəsaiti - Silahlı Qüvvələrə, 157 mln. manatı - milli təhlükəsizliyə yönəltmək planlaşdırılır.
Bundan başqa, 3 mlrd. 871,8 mln. manat - ümumdövlət xidmətləri xərcləri, 2 mlrd. 274,6 mln. manat - təhsil, 1 mlrd. 48,3 mln. manat - səhiyyə, 2 mlrd. 553,4 mln. manat - sosial müdafiə və sosial təminat sahələrinə ayırmaq nəzərdə tutulur.
2019-cu ildə dövlət kapital qoyuluşları 6 mlrd. 825,2 mln. manat məbləğində nəzərdə tutulub.
Azərbaycanın 2018-ci il dövlət büdcəsinin gəlirləri 22 mlrd. 149 mln. manat, xərcləri 23 mlrd. 100 mln. manat məbləğində təsdiq edilib. Dövlət büdcəsinin kəsiri 951 mln. manat və ya ÜDM-in 1,3%-i səviyyəsində proqnozlaşdırılır.**
R.Babayev