Azərbaycan və Qazaxıstanın baş nazirləri Novruz Məmmədov və Bakıtjan Saqintayev Bakı və Astananın “Şərq-Qərb” nəqliyyat dəhlizinin imkanlarından maksimum dərəcədə faydalanmaqda maraqlı olduğunu təsdiq ediblər.
Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, N.Məmmədov bu gün Astanada qazaxıstanlı həmkarı B.Saqintayevlə görüşüb.
«Görüş zamanı ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişafı, aktual regional və beynəlxalq məsələlər müzakirə edilib. Bildirilib ki, Azərbaycan və Qazaxıstan Çindən Avropaya qədər uzanan beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşir. Hər iki ölkə bu tranzit xəttinin imkanlarından maksimum dərəcədə faydalanmaqda maraqlıdır”, - deyə məlumatda qeyd olunur.
Baş nazirlər bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Yeni Bakı Beynəlxalq Dəniz Limanının, Qazaxıstanın qərb və şərq sərhədlərini birləşdirən dəmir yolu xətlərinin və Kurık dəniz limanının əhəmiyyətini vurğulayıblar.
N.Məmmədov Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb və bunun üçün geniş imkanların olduğunu diqqətə çatdırıb. “Prezident İlham Əliyev də Qazaxıstanla ikitərəfli faydalı əməkdaşlığı xarici siyasətimizin prioritetləri sırasında hər zaman vurğulayıb”, - deyə o qeyd edib.*
R.Babayev