Azərbaycanın Xarici İşlər Nazirliyi Polşa Respublikasının vətəndaşı Mateuş Lisovskinin adını “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarıb.
““Publicis Sp. Z.o.o.” şirkətinin rəhbəri Mateuş Lisovski XİN-ə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib. M.Lisovskinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının “arzuolunmaz şəxslər” siyahısından çıxarılmasına dair qərar qəbul edilib”, - deyə nazirliyin məlumatında bildirilir.
Məktubunda o, uzunmüddətli münaqişənin nəticəsindən başqa bir şey olmayan Azərbaycanın ərazilərinə səfərinin heç bir halda bu bölgədə yaradılmış qanunsuz rejimin təşviqinə xidmət etmədiyini xüsusilə vurğulayıb və gələcəkdə belə səfərlərdən çəkinəcəyini deyib.
“M.Lisovski Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə, eləcə də qanun və qaydalarına tam hörmət etdiyini bildirərək, Azərbaycan hökumətindən və xalqından icazəsiz səfərinə görə üzr istəyib”, - deyə məlumatda vurğulanır.*
F.İsazadə