Bakı və Astana iqtisadiyyatın müxtəlif sahələrində ikitərəfli əməkdaşlığı dərinləşdirmək niyyətindədir. Bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat verir.
Azərbaycan və Qazaxıstanın baş nazirləri Novruz Məmmədov və Bakıtjan Saqintayev cümə günü Astanada keçirilən görüşdə 2018-ci ildə iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın müsbət dinamikasını qeyd ediblər.
“Həmçinin, tərəflər gələcəkdə ASK, energetika, nəqliyyat və logostika, qida və metallurgiya sənayesi, əczaçılıq sahələrində ikitərəfli əməkdaşlığın dərinləşməsi məsələlərini müzakirə ediblər”, - məlumatda qeyd olunur.
Bundan əlavə, həmçinin sənayeləşmə və informasiya texnologiyalarının inkişafı sahələrində investisiya layihələrinin birgə reallaşdırılması məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Qazaxıstan hökumətinin məlumatına görə, 2018-ci ilin 8 ayı ərzində iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi $168,1 mln. təşkil edib, bu da 2017-ci ilin analoji dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.
“Cari ilin 8 ayı ərzində Azərbaycan istiqamətində Qazaxıstan limanları vasitəsilə təxminən 1,3 mln. ton yük daşınıb. Eyni zamanda, hesabat dövründə Aktau limanı vasitəsilə yük daşımalarının həcmi 202 min ton təşkil edib, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 67,6% azdır. Kurık limanı vasitəsilə 1,141 mln. ton yük daşınıb (artım 66%)”, - məlumatda qeyd olunur.
Hökumətin məlumatına əsasən, həmçinin tərəflər noyabr-dekabr aylarında Bakıda Qazaxıstan Mədəniyyət Günlərinin keçirilməsinə dair razılığa gəliblər. **
R.Babayev