ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin azalmasından məmnunluq ifadə ediblər. Bu barədə vasitəçilərin regiona səfərinin yekunlarına dair bəyanatda bildirilir.
“Azərbaycan və Ermənistan liderləri həmsədrlərlə görüşlərdə bildiriblər ki, tərəflər Düşənbədə əldə edilmiş razılaşmalara əməl etdikləri üçün münaqişə zonasında gərginlik əhəmiyyətli dərəcədə azalıb. Məsləhətləşmələr zamanı həmsədrlər, həmçinin birbaşa əlaqənin yaradılması ilə bağlı əlavə məlumat alıblar», - deyə noyabrın 2-də ATƏT-in saytında dərc olunmuş bəyanatda qeyd edilir.
Bəyanatda deyilir ki, həmsədrlər konstruktiv tədbirlərin vicdanla həyata keçirilməsini yüksək qiymətləndiriblər və dialoqun davam etdirilməsinə hazır olan hər iki ölkənin liderlərinə dəstək ifadə ediblər.
«Vasitəçilər münaqişənin həlli ilə bağlı intensiv danışıqların davam etdirilməsi üçün etimad mühitinin saxlanılmasının vacibliyini vurğulayıblar. Azərbaycan və Ermənistanın xarici işlər nazirləri cari ilin sonunadək görüşün keçirilməsi barədə razılığa gəliblər»,- deyə bəyanatda bildirilir.
Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Stefano Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) oktyabr ayının 29-da Yerevanda Ermənistanın baş naziri vəzifəsinin müvəqqəti icraçısı Nikol Paşinyan, noyabrın 1-də isə Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşüblər. Bundan başqa, vasitəçilər hər iki ölkənin xarici işlər nazirləri ilə də məsləhətləşmələr aparıblar.*
B.Rüstəmbəyov