3 nəfər Banqladeş vətəndaşının Azərbaycan-İran sərhədini qanunsuz yolla keçmək cəhdinin qarşısı alınıb. Bu barədə bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən məlumat verilib.
«Biləsuvar rayonunun Biləsuvar kəndinin ərazisində Azərbaycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 3 nəfər Banqladeş vətəndaşı - Hossain Kamran, Mollah Salım, Hovlader Abdul Ali, həmçinin niyyətləri İrandan Türkiyəyə getmək olan sərhəd pozucularına dövlət sərhədini keçməyə vasitəçilik edən Biləsuvar rayonu Əskərabad kənd sakini Rasət Hüseynov DSX əməkdaşları tərəfindən saxlanılıb», - deyə məlumatda bildirilir.
R.Hüseynov törətdiyi cinayət əməlini etiraf edərək hadisədən bir neçə gün öncə Banqladeş vətəndaşlarını yaxın qohumunun işlədiyi Biləsuvar rayonu ərazisindəki otellərin birində yerləşdirərək müəyyən məbləğ qarşısında əcnəbi vətəndaşları qeyri-qanuni yolla İran ərazisinə keçirməyə cəhd etməsini qeyd edib.
Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.*
R.Babayev