Bakıda Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında təhlükəsizlik dialoqu keçirilib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
«Tədbir zamanı bildirilib ki, hazırda danışıqlar aparılan yeni tərəfdaşlıq sazişi Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın hərtərəfli inkişafı üçün əlverişli imkanlar yaradacaq», - deyə məlumatda qeyd olunur.
Həmçinin Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyinə töhfəsi vurğulanıb.
«Tərəflər bir-birlərinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı öhdəliklərinə sadiq qaldıqlarını təkrar ediblər», - deyə məlumatda bildirilir.
Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin siyasi məsələlər üzrə müavini Jan Kristof Belyarın rəhbərlik etdiyi Aİ nümayəndə heyəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin hazırkı vəziyyəti barədə məlumatlandırılıb və vurğulanıb ki, yalnız Azərbaycanın işğal edilmiş toraqlarının azad edilməsi və zor gücünə didərgin düşmüş insanların öz evlərinə geri qayıtması bölgədə davamlı sülh və dayanıqlı inkişafa gətirə bilər.
“Tərəflər ilk dəfə keçirilən bu dialoqu münasibətlərində yeni bir məqam kimi dəyərləndirib və dialoqun növbəti ildə davam etdirilməsi barədə razılığa gəliblər”, - deyə məlumatda vurğulanır.
J.K.Belyar Bakıya səfəri çərçivəsində xarici işlər nazirinin müavini Araz Əzimov və digər rəsmilərlə görüşüb.*
R.Babayev