Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə görüşün 2018-ci ilin sonuna kimi keçirilməsi planlaşdırılır. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva məlumat verib.
"XİN başçılarının görüşünün cari ilin sonunadək keçirilməsi planlaşdırılır. Hazırda Azərbaycan tərəfi bu məsələni gözdən keçirir", - deyə o bildirib.
Mətbuat katibinin sözlərinə görə, görüşün yeri və tarixinin müəyyən edilməsi üzərində iş aparılır.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri sonuncu dəfə 2018-ci ilin sentyabrında Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşüblər.
Daha əvvəl ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov Bakıda jurnalistlərə bildirmişdi ki, E.Məmmədyarov və Z.Mnatsakanyan bu ilin sonuna kimi daha bir görüş keçirə bilərlər.*
F.İsazadə