2020-ci ildən etibarən Azərbaycan ərazisində icbari tibbi sığorta (İTS) sisteminin tətbiqi gözlənilir. Bunu maliyyə naziri Samir Şərifov deyib.
“Gələn il Azərbaycanda icbari tibbi sığorta (İTS) sisteminin tətbiqinə dövlət büdcəsindən 224 mln. manata yaxın ($131,8 mln.-a yaxın - İF) vəsaitin ayrılması nəzərdə tutulur. O cümlədən, İTS-nin reallaşdırılmasına vəsaitin bir hissəsinin xüsusi fondda toplanması məsələsinə baxmağı planlaşdırırıq”, - S.Şərifov bazar ertəsi parlament komitələrinin 2019-cu il dövlət büdcəsi layihəsinin müzakirəsi ilə bağlı iclasda bildirib.
Eyni zamanda, nazir vurğulayıb ki, “2020-ci ildə ölkədə İTS sisteminin tam şəkildə tətbiqi məqsədilə 2019-cu ildə son hazırlıq işləri həyata keçiriləcək”.
Hazırda İTS pilot layihə xarakteri daşıyr. Bu sistem Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında tətbiq edilir.
Xəbər verilib ki, Azərbaycanda sistemin tam şəkildə tətbiqinə 2019-cu ildə başlanılacaq və mərhələli şəkildə 5 il ərzində həyata keçiriləcək.
Daha əvvəl Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev bildirmişdi ki, respublikada icbari tibbi sığorta haqqının məbləği ildə hər nəfərə 120 manat təşkil edəcək. Əhalinin bəzi kateqoriyaları üçün sığorta haqqı dövlət tərəfindən ödəniləcək.
Dövlət Agentliyi və Səhiyyə Nazirliyi icbari tibbi sığortanın ölkə üzrə tətbiqinə dəstək məqsədilə keçid planının və yol xəritəsinin hazırlanmasına "McKinsey & Company" beynəlxalq məsləhətçi şirkətini cəlb edib.**
Ə.Məmmədov