Noyabrın 19-da Sosial reyestrin təqdimatı keçiriləcək. "İnterfaks-Azərbaycan" agentliyinin parlament müxbirinin məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
"Ölkədə sosial-informasiya bazasının yaradılması ilə bağlı işlər başa çatmaq üzrədir. Noyabrın 19-da Sosial reyestrin təqdimatı olacaq", - deyə o, bu gün bir sıra parlament komitələrinin 2019-cu il dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr olunmuş birgə iclasında bildirib.
Nazirin sözlərinə görə, vahid elektron baza (Sosial reyestr – İF) vasitəsi ilə vətəndaşlar öz şəxsi kabinetinə girərək əmək müqavilələri, əmək haqqı, vergi, sosial sığorta ödənişləri və sosial müavinətlərə dair istənilən məlumatı əldə edə biləcəklər.
"Əlil vətəndaşlar reyestrdə əlilliyə və reabilitasiyaya görə müavinətlər haqqında məlumat ala biləcəklər", - deyə o qeyd edib.
S.Babayev, həmçinin deyib ki, Azərbaycanda məşğulluq sahəsində avtomatlaşdırma üzrə işlər başa çatmaq üzrədir.
"2019-cu il yanvarın 1-dək məşğulluq mexanizmlərinin tam avtomatlaşdırılması təmin ediləcək. Xüsusi elektron portalda vakansiyalar haqqında məlumatlar yerləşdiriləcək. Beləliklə, məşğulluq sahəsində şəffaflıq təmin ediləcək", - deyə o vurğulayıb.*
R.Babayev