2018-ci ildə Azərbaycanın qeyri-neft sektorunda ÜDM 2,1%, 2019-cu ildə 2,8% artacaq. Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarında deyilir.
Xəbər verildiyi kimi, BVF-nin qiymətləndirmələrinə görə, 2018-ci ildə Azərbaycanda ÜDM 1,3%, 2019-cu ildə 3,6% artacaq.
Fondun Qafqaz və Mərkəzi Asiya regionu üzrə noyabr icmalında dərc olunmuş proqnozlarına əsasən 2018-ci ildə Azərbaycanın neft sektorunda “sıfır artım”, 2019-cu ildə isə 5% artım olacaq.
BVF-nin qiymətləndirmələrinə görə, cari ildə respublikada sutkada 0,79 mln. barel (2017-ci ildə 0,8 mln. barel), 2019-cu ildə 0,78 mln. barel neft hasil olunacaq. Bu dövrdə sutkalıq qaz hasilatı 0,41 mln. barel neft ekvivalentinə (2017-ci ildə 0,31 mln. barel neft ekvivalenti) bərabər olacaq, 2019-cu ildə isə 0,54 mln. barel neft ekvivalentinədək artacaq.
Proqnozlara görə, 2018-ci ildə Azərbaycanda orta illik inflyasiya 3,5% təşkil edəcək, 2019-cu ildə 3,3%-dək azalacaq.
Cari ilin yekunları üzrə Azərbaycandan $23,8 mlrd. (2017-ci ildə $19,8 mlrd.), 2019-cu ildə $25,6 mlrd. dəyərində mal və xidmət ixrac olunacaq. 2018-2019-cu illərdə Azərbaycana idxalın həcmi müvafiq olaraq $19,2 mlrd. və $19,6 mlrd. təşkil edəcək.
BVF-də hesab edirlər ki, neftin qiymətinin yüksək olması və dövlət investisiyalarının artması respublikanın iqtisadi inkişafına müsbət təsir göstərir.
Azərbaycan hökuməti 2018-ci ildə ÜDM artımını 2%, 2019-cu ildə isə 3,6% səviyyəsində proqnozlaşdırır. Bu dövrdə qeyri-neft sektorunda artım 3,4% və 3,9% səviyyəsində proqnozlaşdırır.
2017-ci ildə Azərbaycanda ÜDM 0,1%, qeyri-neft sektorunda 2,7% artıb.*
A.Əzizov