Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyi publik hüquqi şəxsin yaradılması haqqında
fərman imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Fərmana əsasən, İnnovasiyalar Agentliyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında yaradılır.
Agentliyin yaradılmasında məqsəd yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərən və onların transferini təşkil edən, innovasiya yönümlü elmi tədqiqatları dəstəkləyən, innovativ layihələri (o cümlədən startapları) təşviq edən, onları qrant, güzəştli kredit və nizamnamə kapitalına sərmayə (o cümlədən vençur maliyyələşməsi) vasitəsilə maliyyələşdirən, innovasiya təşəbbüskarlığını təbliğ etməkdir.
Azərbaycan prezidentinə Agentliyin nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə fondunun miqdarının müəyyən edilməsi, icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, yenidən təşkili və ləğv edilməsi səlahiyyətlərinin həyata keçirilməsi həvalə edilir.
Nazirlik Agentliyin nizamnaməsinin və strukturunun layihələrini, habelə nizamnamə fondunun miqdarı barədə təkliflərini bir ay müddətində Azərbaycan prezidentinə təqdim etməlidir. **
F.İsazadə