Azərbaycan Çinlə kənd təsərrüfatı və qida təhlükəsizliyi sahəsində əməkdaşlıqda maraqlıdır. Bunu Azərbaycanın iqtisadiyyat nazir Şahin Mustafayev deyib.
“Nəqliyyat-tranzit sahəsi ilə yanaşı, Azərbaycan Çinlə kənd təsərrüfatı və qida təhlükəsizliyi sahəsində də əməkdaşlıqda maraqlıdır. Çin şirkətləri artıq pambıqçılığın və ipəkçiliyin maddi-texniki bazasının inkişafında Azərbaycanla uğurlu əməkdaşlıq edir”, - Ş.Mustafayev “Kəmər və yol ekoloji kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi” Forumunda qeyd edib.
Nazir Azərbaycanda kənd təsərrüfatının inkişafına böyük önəm veridiyini vurğulayıb.”Son 15 ildə ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı 1,7 dəfə, bu ilin 9 ayı ərzində isə 4,3% artıb. Azərbaycanın qeyri-neft ixracında kənd təsərrüfatı məhsullarının payı 47%-dən çoxdur”, - Ş.Mustafayev bildirib.
Nazir həmçinin məlumat verib ki, bu ilin 9 ayı ərzində ixracın stimullaşdırılması tədbirləri nəticəsində kənd təsərrüfatı məhsullarının ixracı 2017-ci ilin analoji dövrü ilə müqayisədə 13% artıb.
Qeyd edək ki, Ş.Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və sahibkarlardan ibarət nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir. Səfərin məqsədi Şanxayda keçirilən Birinci Çin Beynəlxalq İdxal Sərgisində iştirak etməkdir.
Azərbaycan sərgidə vahid ölkə stendi ilə təmsil olunur. Noyabrın 10-dək davam edəcək sərgi çərçivəsində Çinin kənd təsərrüfatı və yeyinti sənayesi məhsullarının satışı ilə məşğul olan distributorları ilə Azərbaycan şirkətlərinin görüşləri təşkil olunacaq. **
B.Rüstəmbəyov